ELM VƏ TƏHSİL
OLİMPİADANIN QALİBLƏRİ MÜƏYYƏN OLUNMUŞDUR
Sumqayıt, 24 yanvar (AZƏRTAC). Sumqayıt məktəbliləri hər il respublika bilik yarışı ərəfəsində şəhər fənn olimpiadasında iştirak edirlər.
Bu barədə məlumat verən şəhər təhsil şöbəsinin metodiki kabinetinin direktoru Sabir Məmmədov demişdir ki, birinci turda 983 nəfər 7-11-ci sinif şagirdi iştirak etmişdir. Onlar on fənn üzrə yarışmışlar. Olimpiada mərkəzləşdirilmiş qaydada, 16 nömrəli orta məktəbin və özəl türk liseyinin sinif otaqlarında keçirilmişdir. Sınaq imtahanları üçün burada hər cür şərait yaradılmışdır. 131 məktəblinin keçdiyi ikinci turun nəticələrini Sumqayıt Dövlət Universitetinin, “Qafqaz” Universitetinin professorlarından, Respublika Müəllimləri Təklmilləşdirmə İnstitutunun müəllimlərindən, habelə aparıcı müəllimlərdən təşkil edilmiş münsiflər heyəti qiymətləndirmişdir. Şəhər olimpiadasının üçüncü turuna vəsiqə qazanmış qaliblər müəyyənləşdirilmişdir. 30 məktəblidən ibarət Sumqayıt komandası martda keçiriləcək respublika fənn Olimpiadasında iştirak edəcəkdir.
İkinci tur başa çatandan sonra “Qafqaz” Universitetinin iclas salonunda qaliblərin şərəfinə şənlik təşkil olunmuşdur. İlk iki turda mükafata layiq yerlər qazanmış 178 məktəbliyə təntənəli şəraitdə qiymətli hədiyyələr təqdim olunmuşdur.