MƏDƏNİYYƏT
“Olimpiya” filmi nümayiş olunub
Bakı, 6 avqust, AZƏRTAC
"CinemaPlus Amburan Mall” premium kinoteatrda “Milli kino günü” ilə əlaqədar açıq səma altında yerli “Olimpiya” filminin nümayişi keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasının istehsalı olan filmin rejissoru və prodüseri Əlisəttar Quliyev, ssenari müəllifi Rüstəm Babazadə, təsvir rejissoru Nadir Mehdiyev, ikinci rejissoru Akif Rüstəmov, rəssamı Arif Niftiyev, bəstəkarı Roman Şulqa, icraçı prodüseri Tərlan Babayev və səs rejissoru Teymur Kərimovdur. Ekran əsəri idman melodram janrındadır.
Rollarda tanınmış aktyorlar Vidadi Həsənov, Məbud Məhərrəmov, Hacı İsmayılov, Şamil Süleymanov, Qurban İsmayılov, Kəmalə İsrafilova, Rasim Cəfər, Günel Məmmədova, Azər Aydəmir və Vüsal Hacıqədir çəkiliblər.
Filmdə bəhs edilən həyat hekayəsi Moskva şəhərində başlayaraq, Azərbaycanın şimal-qərb bölgələrindən birində davam edir və uzaq Kubada sona çatır. Moskva olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov peşəkar idmandan uzaqlaşaraq doğma qəsəbəsində sakit bir həyat yaşayır. O, yerli orta məktəbdə bədən tərbiyəsi dərsi aparır və boş vaxtlarını həmkarları, ən yaxın dostları Valeh, həmçinin Dadaşla keçirir. Dostlar hər şənbə-bazar günlərini qəsəbədən bir az aralıda yerləşən gölün sahilində balıq tutaraq, şən zarafatlarla həyatlarından həzz alırlar. Lakin hər axşam İlqar evə tək qayıdır, şən olmasına baxmayaraq o, gələcəyə inamı və ailəsi olmayan tənha bir insandır. Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir.
Qeyd edək ki, Əlisəttar Quliyevin “Olimpiya” filmi Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalının “Rusiya - İslam dünyası” müsabiqə proqramına dəvət alıb.