REGİONLAR
Ölkə ərazisində “quş qripi” ilə əlaqədar dörd dəfə monitorinq keçirilmişdir
Bakı, 17 avqust (AZƏRTAC). Azərbaycan ərazisində “quş qripi” ilə əlaqədar cari ilin əvvəlindən ev və çöl quşları arasında dörd dəfə monitorinq keçirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, 4 min 753 baş ev quşunun qan nümunələri, 71 baş ev və çöl quşunun patmaterialı “quş qripi”nə görə müayinə edilmişdir. Qan nümunələri və patoloji materialların laboratoriya müayinələrinin nəticələrinə görə “quş qripi” aşkar edilməmişdir.
Monitorinqlər əsasən Pirallahı adasındakı Abşeron Milli Parkında, Şabran rayonunun Sarvan ov təsərrüfatında, Şirvan Milli Parkında, Ağ göl ərazisində və Qızılağac Dövlət Təbiət Qoruğunda, habelə respublikanın rayonlarının əhaliyə məxsus quşçuluq təsərrüfatlarında aparılmışdır.
Hazırda respublikada “quş qripi”nə görə epizootik vəziyyət sabitdir və bu işlər daimi olaraq DBX-nin nəzarəti altında saxlanılır.