İQTİSADİYYAT
Ölkədə fəaliyyət göstərən digər mobil rabitə operatorlarına 3G texnologiyasının tətbiqinə dair lisenziya veriləcəkdir
Bakı, 6 iyun (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yaxın vaxtlarda ölkədə fəaliyyət göstərən digər mobil rabitə operatorlarına - “Azercell” və “Bakcell” şirkətlərinə də 3G texnologiyasının tətbiqinə dair lisenziya veriləcəkdir. Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirmişdir . 3G texnologiyasının tətbiqinə dair hüquqi baza artıq mövcuddur. Hazırda şirkətlərdə müəyyən texniki problemlər həll olunur.
Ölkəmizdə 3-cü nəsil (3G) texnologiyası tətbiq edilməkdədir. Bu texnologiya yeni xidmətlər, mövcud xidmətlərin keyfiyyətinin və sürətinin artması ilə xarakterizə olunur. Bu texnologiyanın tətbiq edilməsi üçün müvafiq qanunvericilik bazası yaradılmışdır. Artıq “Azerfon” MMC xüsusi razılıq alaraq 2009-cu ilin dekabrından xidmətlər göstərməyə başlamışdır.