SİYASƏT
ÖLKƏDƏ QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAF ETDİRİLMƏSİ MƏQSƏDİLƏ ƏLVERİŞLİ BİZNES MÜHİTİ YARADILACAQDIR
İqtisadi inkişaf naziri Şahin Mustafayev AZƏRTAC-a bildirmişdir ki, Azərbaycan Prezidenti tərəfindən strateji istiqamət kimi müəyyən edilmiş qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə ölkədə olduqca əlverişli biznes mühiti yaradılacaqdır. Ölkədə biznes mühitinin yaxşılaşdırılması və iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar daha da dərinləşdiriləcək, 2009-cu il yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” sistemi tətbiq ediləcəkdir.
Bundan əlavə, gələn il elektron imzanın tətbiqinə başlanılacaq, Dövlət Sosial Müdafiə Fondu üzrə ödəmələrin elektron formatına keçiləcək, tikintiyə icazələrin verilməsi qaydaları sadələşdiriləcək, “Rəqabət Məcəlləsi”, “Xüsusi iqtisadi zonalar haqqında”, “Birbaşa özəl investisiya fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə dair xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanun layihələri Milli Məclisin müzakirəsinə çıxarılacaqdır.