ELM VƏ TƏHSİL
ÖLKƏMİZDƏ ALİ TƏHSİLİN İNKİŞAFI İLƏ BAĞLI DÖVLƏT PROQRAMI HAZIRLANACAQDIR
AZƏRTAC xəbər verir ki, fevralın 6-da Təhsil Nazirliyində mətbuat konfransı keçirilmişdir.
Nazirlik aparatının rəhbəri İlham Pirməmmədov ölkəmizin Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamının əhəmiyyətini vurğulamışdır.
Prezidentin Sərəncamına müvafiq olaraq respublikamızda ali təhsilin inkişafı üçün Dövlət Proqramı hazırlanacağını qeyd edən aparat rəhbəri, bu istiqamətdə işə başlandığını bildirmişdir.
İ. Pirməmmədov Azərbaycanın Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulduğunu diqqətə çatdıraraq, artıq bəzi ali məktəblərdə bu prosesin tələblərinə uyğun tədbirlərin həyata keçirildiyini söyləmişdir. Qeyd edilmişdir ki, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Neft Akademiyasında, Dövlət İqtisad Universitetində və digər ali məktəblərdə kredit sistemi tətbiq olunmuşdur.
Nazirlikdə yaradılmış “Qaynar xətt”in fəaliyyəti barədə məlumat verən aparat rəhbəri bildirmişdir ki, ötən ay bu xəttə şikayətçilərin adı qeyd edilməklə 29 telefon zəngi daxil olmuş, onlardan 11-nin anonim zəng olduğu müəyyənləşdirilmişdir. Təhsil müəssisələrindən daxil olan şikayətlərin hamısı araşdırılmış, şikayətçilərə lazımi kömək göstərilmişdir.
Sonra İ.Pirməmmədov jurnalistləri maraqlandıran suallara cavab vermişdir.