ÖLKƏMİZDƏ VƏKİLLİK TƏSİSATI DAHA DA TƏKMİLLƏŞDİRİLƏCƏKDİR
Qanuna edilən dəyişikliklər və əlavələrlə bağlı Vəkillər Kollegiyası rəyasət heyətinin sədri Azər Tağıyev AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir ki, hazırda ölkəmizdə 400-ə yaxın hüquqşünas vəkillik fəaliyyəti ilə məşğuldur. Onların fəaliyyətinin və ölkəmizdə insan hüquqlarının müdafiəsinin gücləndirilməsinin vacibliyi nəzərə alınaraq “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna dəyişikliklər edilmişdir. Əlavə və dəyişikliklərdə deyilir ki, vəkillik fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir şəxsin ali hüquq təhsili, hüquqşünas ixtisası üzrə ən azı üç il iş stajı olmalıdır və ya o, elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç il fəaliyyət göstərməlidir. Bundan sonra onlar İxtisas Komissiyasında peşə yararlığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən keçməlidirlər. Həmin şəxslər yalnız ixtisas imtahanını müvəffəqiyyətlə verdikdən sonra birinci instansiya məhkəmələrində vəkil işləyə bilərlər. İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alim olmaqla ümumilikdə 11 nəfərdən ibarət tərkibdə yaradılır. Amma nəzərə almalıyıq ki, Qanun geriyə şamil olunmur və əvvəllər müvafiq ixtisas imtahanını müvəffəqiyyətlə vermiş vəkillər və hakimlər yalnız şifahi müsahibədən keçməklə vəkil ola bilərlər. Hüquq elmləri doktoru elmi dərəcəsi olan, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş hüquqşünaslar test və şifahi müsahibədən keçmədən vəkil ola bilərlər. Burada bir maraqlı məqam da var. Qanun qəbul edildikdən sonra vəkillik fəaliyyətinə başlayan şəxslər əvvəlcə ən azı 3 il aşağı instansiya məhkəmələrində vəkillik etməlidirlər. Sonra yenidən imtahan verib apellyasiya məhkəmələrində, burada da müəyyən müddət işlədikdən sonra yenidən imtahan verib Konstitusiya və Ali Məhkəmələrdə vəkillik etmək imkanı qazana bilərlər. Hesab edirəm ki, bu Qanun ölkədə vəkillik təsisatının daha da inkişafına və təkmilləşdirilməsinə xidmət edəcəkdir.