REGİONLAR
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ermənilərin Qubada törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar VİDEO
Quba, 19 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 19-da Naxçıvan Muxtar Respublikasının məktəblilərinin bir qrupu “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Quba rayonunun görməli yerləri ilə tanış oldular.
AZƏRTAC xəbər verir ki, məktəblilərin Qubaya ekskursiyası dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədən başladı. Qonaqlar qəsəbədə salınan Heydər Əliyev parkını gəzdilər, eləcə də dağ yəhudilərinin ibadət etdikləri sinaqoqla yaxından tanış oldular.
Qırmızı qəsəbədən sonra tur-aksiyanın iştirakçıları Cümə məscidinə gəldilər. Məktəblilərin diqqətinə çatdırıldı ki, zəngin memarlıq üslubuna malik məscid 1802-ci ildə tikilib. Dini məbədin tikintisi müəyyən fasilələrlə 10 ilə başa çatdırılıb. Bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biri olub.
Sonra məktəblilər şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində xalça toxunması prosesini izlədilər. Burada onlara Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verildi.
Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı ziyarət zamanı tur-aksiyanın iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırıldı.
Məktəblilərin diqqətinə çatdırıldı ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Ziyarətçilərə məlumat verildi ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub.
Diqqətə çatdırıldı ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Məktəblilər Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazdılar.
Günün ikinci yarısında naxçıvanlı məktəblilər Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya etdilər.
Daha sonra tur-aksiyanın iştirakçıları “Rixos Quba Azerbaijan” otel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubu ilə yaxından tanış oldular.
Naxçıvan Muxtar Respublikasından gələn məktəblilər martın 20-də Xaçmaz rayonunun görməli yerlərinə səfər edəcəklər.