SİYASƏT
Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycan diplomatiyasının təntənəsidir
Beyləqan, 2 noyabr (AZƏRTAC). Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ilə bağlı “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” ictimai birliyinin idarə heyətinin üzvləri və rayon ictimaiyyətinin iştirakı ilə “Uğurlu xarici siyasətimizin məntiqi nəticəsi” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, məruzə ilə çıxış edən “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü Məhəmmədəli Bayramov əlamətdar hadisə münasibətilə iştirakçıları təbrik etmiş, bu qələbəni Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasətin məntiqi nəticəsi kimi qiymətləndirmişdir.
Vurğulanmışdır ki, oktyabrın 24-də BMT Baş Məclisinin 66-cı sessiyasının plenar iclasında 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Təhlükəsizlik Şurasında təmsil edəcək yeni üzvü müəyyən etmək üçün keçirilən səsvermədə 193 ölkədən 155-i Azərbaycanı dəstəkləmişdir. BMT Təhlükəsizlik Şurasına üzv olmaqla Azərbaycan qlobal problemlərin həllində yaxından iştirak etmək, dünya səviyyəsində qəbul olunan qərarlara təsir göstərmək imkanı əldə etmişdir.
“Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, “Xocavənd” qəzetinin baş redaktoru Gültəkin Ağayeva və başqaları tədbirdə çıxış edərək, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini əlamətdar tarixi hadisə olduğunu qeyd etmişlər. Bildirilmişdir ki, bu uğur Azərbaycan diplomatiyasının təntənəsi, müstəqil dövlətimizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun, Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinin dünya miqyasında göstəricisidir.
Sonda konfrans iştirakçıları və rayon sakinləri adından Prezident İlham Əliyevə təbrik müraciəti oxunmuşdur.