SİYASƏT
OMBUDSMAN APARATININ ƏMƏKDAŞI ƏDLİYYƏ AKADEMİYASINDA MÜHAZİRƏ OXUMUŞDUR
Ombudsman Aparatının nümayəndəsi Rəvan Səmədov insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ədliyyə Akademiyasında Ədliyyə Nazirliyi Baş Tibb İdarəsi əməkdaşlarının hüquqi maarifləndirilməsi məqsədi ilə təşkil olunan ixtisasartırma kursunda “Ombudsman haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu və bu qanunun icrası ilə əlaqədar penitensiar xidmət qarşısında duran vəzifələr” mövzusunda mühazirə oxumuşdur.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, R.Səmədov kursun iştirakçılarına ombudsman institutunun müxtəlif ölkələrdə təşəkkülü və inkişaf tarixi, ölkəmizdə bu təsisatın yaranma dövrü, onun meydana gəlməsini şərtləndirən amillər və normativ-hüquqi bazanın formalaşdırılması prosesi, müvafiq Konstitusiya Qanununun qəbul olunması bu sənədin özünəməxsus cəhətləri barədə məlumat vermişdir. O, müvəkkilin çoxşaxəli fəaliyyəti, onun ədliyyə orqanları, o cümlədən penitensiar müəssisələrlə əməkdaşlığı, ölkəmizdə insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının icrası ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışmışdır.
Müvəkkilin nümayəndəsi dinləyicilərin suallarını cavablandırmışdır.