CƏMİYYƏT
Ombudsman Aparatının nümayəndəsi Tallinndə keçiriləcək beynəlxalq seminarda iştirak edəcəkdir
Bakı, 13 yanvar (AZƏRTAC). Yanvarın 20-21-də Estoniyanın Ədliyyə Kansleri və Psixi Xəstələrin Müdafiəsi Mərkəzi beynəlxalq qeyri-hökumət təşkilatının təşəbbüsü, Beynəlxalq Həbsxana İslahatı və “Zennström Philanthropies” təşkilatının dəstəyi ilə Estoniyanın paytaxtı Tallinn şəhərində beynəlxalq seminar keçiriləcəkdir.
“Azadlıqdan məhrumetmə yerlərinin monitorinqində xidmət istifadəçilərinin və məhbusların iştirakı” mövzusunda seminara Avropa ölkələri milli insan hüquqları təsisatlarının, insan hüquqları sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, beynəlxalq ekspertlər qatılacaqlar.
Seminarda Azərbaycanı Ombudsman Aparatının işgəncələr əleyhinə milli preventiv mexanizm (MPM) qrupunun üzvü Rəvan Səmədov iştirak edəcəkdir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, tədbirdə azadlıqdan məhrumetməyə dair beynəlxalq təcrübə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının bu istiqamətdə təcrübəsi, Estoniyada MPM-nin fəaliyyəti, əqli sağlamlıq hüququnun qorunması və s. mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.
Azərbaycan nümayəndəsi ölkəmizdə psixiatriya yardımı, müalicə alan şəxslərin hüquqlarının müdafiəsi və bu sahədə hüquqi tənzimlənmə barədə məlumat verəcəkdir.