SİYASƏT
OMBUDSMAN AZƏRBAYCANLI HƏRBİ ƏSİRİN AZAD OLUNMASI İLƏ BAĞLI MƏSƏLƏ QALDIRMIŞDIR
AZƏRTAC xəbər verir ki, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova 2008-ci il oktyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin erməni hərbi qüvvələri tərəfindən əsir götürülmüş əsgəri Rafiq Rəhman oğlu Həsənovun qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı T.Vandenhova məktubla müraciət etmişdir.
Müraciətdə deyilir: “Mandatınız çərçivəsində R.Həsənovun mümkün qədər qısa müddətdə Azərbaycan tərəfinə qaytarılmasında və əsirlikdə olduğu müddətdə onun işgəncə və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzaya, hər hansı zorakılığa məruz qalmamasının təmin edilməsində və regional nümayəndəlikləriniz vasitəsilə onun vəziyyətinin nəzarətdə saxlanılmasında yardımçı olmağınızı xahiş edirəm.
Bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həlledici tədbirlərin görülməsinə və gələcək əməkdaşlığımıza ümid bəsləyirəm.
Eyni zamanda ümidvaram ki, əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədilə yaxın günlərdə birgə görüşün keçirilməsinə vaxt tapacaqsınız”.