SİYASƏT
OMBUDSMAN QADINLARIN CƏMİYYƏTDƏ ROLU HAQQINDA MƏRUZƏ İLƏ ÇIXIŞ ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 1-2-də Misir Ərəb Respublikasının (MƏR) paytaxtı Qahirə şəhərində YUNESKO və Misirin İnsan Hüquqları Şurası tərəfindən təşkil edilmiş “Cəmiyyətin dəyişməsində milli insan hüquqları institutları və qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda konfrans keçirilmişdir.
Azərbaycanı bu konfransda insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova və Ombudsman Aparatının əməkdaşı Rəvan Səmədov təmsil etmişdir.
Konfransın işində MƏR-in birinci xanımı Süzanna Mübarək, BMT-nin keçmiş baş katibi Butros Butros Qali, YUNESKO-nun idarə heyətinin prezidenti Olabiyi Babalola Jozef Yay, Ərəb Dövlətləri Liqasının baş katibi Əmir Musa, Afrika Parlamentinin prezidenti xanım Gertrude Mongella, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının müavini xanım Kyunq-Vha Kanq və digər ali qonaqlar iştirak etmişlər.
MDB ölkələrindən konfransın işində yalnız Azərbaycan nümayəndələri iştirak etmişdir.
Qahirəyə Butros Butros Qalinin dəvəti ilə gəlmiş Elmira Süleymanova konfransda “Sülh, tolerantlıq və davamlı inkişafa qadınların töhfəsi” mövzusunda məruzə ilə çıxış etmişdir.
O, müxtəlif beynəlxalq sənədlərə istinad etməklə qadınların cəmiyyətdəki rolunun artırılmasının zəruriliyini vurğulamış, bu sahədə Azərbaycanda həyata keçirilən tədbirlərdən söhbət açmış, ölkəmizdə Sülh və İnkişaf Alyansının yaradıldığını bildirmişdir.