OMBUDSMAN ROBERT BEKLİ İLƏ GÖRÜŞMÜŞDÜR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, müvəkkil rəhbərlik etdiyi təsisatın insan hüquqlarının müdafiəsi və həyata keçirilməsi sahəsində fəaliyyəti haqqında qonağa məlumat vermişdir.
Görüşdə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin keçdiyi ərazilərdə yaşayan, habelə kəmərin çəkilişində iştirak edən işçilərin hüquqlarının təmin olunması istiqamətində görülən tədbirlər, mövcud problemlər müzakirə olunmuşdur.
Robert Bekli bu sahədə birgə əməkdaşlıq təklifini irəli sürmüş, qarşılıqlı faydalanmanın səmərəsini qeyd etmişdir.
Ombudsman beynəlxalq auditorun insan hüquqlarının həyata keçirilməsinə diqqətini dəyərləndirmiş, problemlərin yerində araşdırılmasının zəruriliyini vurğulayaraq boru kəmərinin keçdiyi ərazilərdə yaşayan, habelə kəmərin çəkilişində iştirak edən işçilərin hüquqlarının müdafiəsi üzrə layihənin gerçəkləşdirilməsi məqsədi ilə birgə fəaliyyəti məqsədəuyğun hesab etmişdir. Elmira Süleymanova haqqında danışılan ərazidə yaşayan əhali, eyni zamanda, borunun çəkilişində çalışanlarla ünsiyyəti artırmaq, müntəzəm şəkildə əlaqə saxlamaq məqsədi ilə informasiya texnologiyalarından istifadə edilməsi, onlara iqtisadi, sosial, ekoloji hüquqları, həmçinin baş verə biləcək fövqəladə hallarla, ekstremal şəraitlə bağlı zəruri bilgilər aşılamaq məqsədi ilə hüquqi maarifləndirmə işinin təşkilini təklif etmişdir.
Görüşdə ikitərəfli əməkdaşlığın formaları müzakirə olunmuşdur.