CƏMİYYƏT
Ombudsman Səbinə Əliyeva: Qadınlar həbsxanada peşə fəaliyyəti ilə məşğul olaraq müəyyən gəlirlər əldə edirlər VİDEO
Bakı, 25 noyabr, AZƏRTAC
Bu gün- 25 noyabr Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günündə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə birlikdə qadın cəzaçəkmə müəssisəsində olduq. Biz burada saxlanılan qadınların şəraitləri, onlara olan rəftarla və digər məsələlərlə yaxından tanış olduq.
AZƏRTAC xəbər verir ki, bu fikriləri jurnalistlərə açıqlamasında “Gender bərbərliyinə nail olunmasında əsas çətinliklər” mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva söyləyib.
"Ümumilikdə mən qeyd etmək istərdim ki, Azərbaycan qadını və cəzaçəkmə müəssisəsi bir-birinə zidd olan anlayışlardır. Lakin burada olduqlarını nəzərə alaraq onların gələcəkdə cəmiyyətə rahat qayıtmaları, reabilitasiyaları və ailələrinə qovuşmaları üçün bütün şərait yaradılıb. Burada fəaliyyət göstərən peşə məktəbinin nəzdində peşələrin sayı artırılıb", - deyə Səbinə Əliyeva vurğulayıb.
O əlavə edib ki, qadınların cəzaçəkmə müəssisələrində peşə sahibi olmaq imkanları daha da genişlənib. Onlar həbsxanada peşə fəaliyyəti ilə məşğul olaraq burada müəyyən gəlirlər əldə edir, azadlıqda olan ailələrinə dəstək olurlar. Biz də öz növbəmizdə çalışırıq ki, daim bu məsələlərdə onlara dəstək olaq.