SİYASƏT
Ombudsmanın nümayəndəsi İctimai Şuranın tərkibinə daxil edilmişdir
Bakı, 18 iyul (AZƏRTAC). Ölkəmizdə əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, bu sahədə şəffaflığın artırılması, korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizənin aparılması aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirilmişdir. Dövlətimizin başçısının tapşırığı ilə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının geniş iclası keçirilmişdir.
Komissiyanın məlum iclasında qaldırılmış məsələlərin davamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatı, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai nəzarətin daha da gücləndirilməsi” mövzusunda keçirilmiş müşavirədə sözügedən nazirliyin yanında İctimai Şuranın yaradılması qərara alınmışdır.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmri ilə nazirliyin yanında İctimai Şuranın tərkibi və onun əsasnaməsi təsdiq edilmişdir.
Nazirliyin məsul şəxslərinin və bir neçə QHT-nin daxil olduğu İctimai Şurada Ombudsman təsisatı Aparatının baş məsləhətçisi, müvəkkilin əlillərin hüquqları üzrə ixtisaslaşmış müşaviri Müqalib Mahmudov təmsil edəcəkdir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, bu şura nazirliyin səlahiyyətlərinə aid məsələlər üzrə təkliflərin hazırlanması məqsədi ilə təşkil olunmuş məşvərətçi qurumdur. Şura fəaliyyətini Azərbaycanın qanunvericiliyinə və əsasnaməsinə uyğun həyata keçirir, vəzifə və funksiyalarına müvafiq tövsiyə xarakterli qərarlar qəbul edir.
Fəaliyyət istiqamətləri üzrə təkliflərin hazırlanması, nazirlik tərəfindən həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması və s. məsələlər şuranın əsas vəzifələri sırasına daxildir.
Səlahiyyət müddəti iki il olan İctimai Şura 11 nəfərdən ibarətdir və onun tərkibində dörd istiqamət üzrə - dövlət sosial yardımları və sosial xidmətləri, əlilliyin müəyyən olunması və əlillərin tibbi-sosial reabilitasiyası, işsiz və iş axtaran vətəndaşlar üçün sosial müdafiə tədbirləri ilə bağlı işçi qrupları yaradılmışdır.