ELM VƏ TƏHSİL
Ömrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Lider
Bakı, 8 dekabr, AZƏRTAC
Bakının Nizami rayonundakı Y.Kovalyov adına 229 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirdə məktəbin direktoru Fəridə Bağırova deyib ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bəşər tarixinin ən parlaq şəxsiyyətləri ilə bir sırada duran, bütün şərəfli ömrünü canından əziz bildiyi doğma xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin vəfatının on dördüncü ildönümü Vətənimizin hər guşəsində, soydaşlarımızın yaşadıqları bütün ölkələrdə anılır.
Nizami Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Tural Mustafazadə və başqaları çıxış edərək bildiriblər ki, Azərbaycan xalqı üçün ikinci dəfə dövlət müstəqilliyinə nail olmaq şansının ideya rəhbəri də, bu dövlətin xilaskarı da, müstəqilliyin möhkəm əsaslarını yaradıb onu əbədi bir sərvətə çevirən də görkəmli dövlət xadimi Heydər Əliyev olub. Ulu Öndərin çoxcəhətli fəaliyyətinin əsas istiqamətlərindən biri də gənc nəslə diqqət və qayğının artırılması, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi həyatında gənclərin fəal iştirakının təmini, onların sosial-mənəvi ehtiyaclarının ödənilməsi və gələcəyin layiqli vətəndaşları kimi formalaşmaları üçün münbit şəraitin yaradılması olub.