REGİONLAR
On ayda ölkə üzrə 800 tondan çox yararsız qida məhsulları zərərsizləşdirilib
Bakı, 4 dekabr, AZƏRTAC
Heyvan sağlamlığı olmadan qida təhlükəsizliyini təmin etmək mümkün deyil. Bizim birinci məqsədimiz Azərbaycanda zoonoz-heyvan mənşəli xəstəliklərin qarşısını almaq, heyvanların identifikasiyasını həyata keçirməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə 2020-ci ildən başlayaraq əvvəlcə Abşeron, sonra digər rayonlarda heyvanların identifikasiyası həyata keçiriləcək.
“Hesab edirəm ki, rəqəmsallaşma inkişaf etdiyi üçün 2019-2025-ci illər Dövlət Proqramının sonuna qədər daha yeni inzibati üsullar yaranacaq. Bununla Azərbaycanda heyvanlar üzərində identifikasiyanı həyata keçirə biləcəyik”, - deyə Qoşqar Təhməzli bildirib.
O, əlavə edib ki, 2019-cu ilin yanvarından noyabr 1-nədək Azərbaycanda baytarlıq və fitosanitar tədbirlər nəticəsində 665 ton məhsul məhv edilib: “Bu dövrdə 13 min 355 litr spirtli və spirtsiz içki, 800 tondan çox yararsız qida məhsulları zərərsizləşdirilib. 1958 ton qida məhsulu özündə müxtəlif növ təhlükə daşıdığı üçün gətirildiyi ölkəyə geri qaytarılıb. Azərbaycana təhlükəli, istər bitki, istərsə də heyvan mənşəli və digər xarakterli heç bir məhsul idxal olunmur”.