İQTİSADİYYAT
On bir bankın qorunan əmanətçilərinə 733,3 milyon manatdan çox kompensasiya ödənilib
Bakı, 26 may, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu tərəfindən mayın 24-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 43 milyon 218 min manat (ümumi kompensasiya öhdəliyinin 98,5 faizi), "Zaminbank"ın əmanətçilərinə 58 milyon 229 min manat (ümumi kompensasiya öhdəliyinin 80 faizi), "Kredobank"ın əmanətçilərinə 27 milyon 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9 faizi) və "Dekabank"ın əmanətçilərinə 3 milyon 87 min manatdan çox (ümumi kompensasiya öhdəliyinin 98,7 faizdən çoxu) kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 132 milyon 305 min manatdan çoxdur.
Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 16 milyon 354 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon 350 min manatı (ümumi kompensasiya öhdəliyinin 98,2 faizdən çoxu) "Atrabank"ın, 2 milyon 4 min manatı (ümumi kompensasiya öhdəliyinin 96 faizi) "Qafqaz İnkişaf Bankı"nın payına düşür.
Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 437 milyon 346 min manatdan çox (ümumi kompensasiya öhdəliyinin 99 faizi) kompensasiya ödəyib.
"Yunayted Kredit Bank" ASC-nin qorunan əmanətçilərinə 1 milyon 743 min manatdan çox kompensasiya ödənişi təmin edilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 83 faizi əmanətçilərə ödənilib.
Ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 161 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faiz), "Gəncəbank"ın əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 faiz), "Texnikabank"ın əmanətçilərinə 120 milyon 433 min manatdan çox (ümumi kompensasiya öhdəliyinin 98,2 faiz) kompensasiya ödənişi təmin edilib.
Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 11 bank üzrə 733 milyon 318 min manatdan çox kompensasiya ödənişi həyata keçirilib.