MƏDƏNİYYƏT
“On min dollarlıq kef” musiqili komediyası Xalq Artisti Hacıbaba Bağırovun xatirəsinə ehtiram əlaməti olaraq tam yeni quruluşda təqdim edilmişdir
Bakı, 18 iyun (AZƏRTAC). Xəbər verdiyimiz kimi, tanınmış aktyor, görkəmli gülüş ustası, Xalq Artisti, səhnə həyatı Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə sıx bağlı olan mərhum sənətkarımız Hacıbaba Bağırovun 80 yaşı tamam olmuşdur.
AZƏRTAC xəbər verir ki, iyunun 18-də Musiqili Komediya Teatrının yaradıcı kollektivi unudulmaz sənətkarın 80 illik yubileyinə həsr olunmuş “www.ferzeli-kef.com” tamaşasını nümayiş etdirmişdir.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılan tamaşa görkəmli bəstəkar Emin Sabitoğlunun “On min dollarlıq kef” musiqili komediyası əsasında tam yeni quruluşda təqdim edilmişdir. Quruluşun müəllifi, rejissor Əhəd Hacıyevdir.
Tamaşanın dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Nabat Səmədovadır.
Səhnə əsərinin təqdimatından əvvəl çıxış edən Əməkdar Mədəniyyət İşçisi Telli Pənahqızı aktyorun həyat və yaradıcılığı haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Hacıbaba Bağırovun canlandırdığı obrazlar yüksək dərəcədə təbiiliyi, milliliyi və müasirliyi ilə səciyyələnmişdir. Milli teatr tariximizin yetirdiyi böyük sənətkarlar nəslinin yaradıcılıq ənənələrinə sadiq qalan aktyor yüksək peşəkarlığı, qəhrəmanlarının mənəvi aləminə dərindən nüfuz etmək və zamanın ruhunu gözəl əks etdirmək bacarığı ilə seçilmişdir. Onun böyük istedadla yaratdığı obrazlar özünün danışıq və davranış tərzləri ilə yadda qalmışdır.
Sonra tamaşa nümayiş etdirilmişdir.
Tamaşada əsas rolları Xalq Artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, tanınmış aktyorlar Novruz Qartal, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Gülnarə Əzizova və başqaları ifa etmişlər.
Xalq Artisti Hacıbaba Bağırov vaxtilə bu tamaşada Fərzəli obrazını ifa etmişdir.