Onlar heç vaxt unudulmayacaqlar!
Bakı, 19 yanvar, AZƏRTAC
Nəsimi rayonunda 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş sakinlərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov həmin görüşdəki çıxışında qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı, eyni zamanda ən şərəfli səhifələrdən biridir. 1990-cı ilin qanlı şənbə gecəsində baş verənlər nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Yanvar qətliamında həlak olanlar Azərbaycanın tarixinə parlaq səhifə yazaraq azadlıq və müstəqillik yoluna çığır açıblar.
Tədbirdə faciə qurbanlarının xatirələrinin həmişə əziz tutulacağı və heç vaxt unudulmayacağı bildirilib.
Görüşdə şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanaraq bir sıra məsələlərin həlli ilə əlaqədar tapşırıqlar verilib.
Görüşdə II qrup əlil Tofiq Allahverdiyev, 20 Yanvar şəhidi Abbas Qasımovun anası Zöhrə Abdalova və başqaları çıxış edərək onlara olan diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda 20 yanvar faciəsi şəhid ailələri və əlillərinə yardımlar edilib.