İQTİSADİYYAT
OPEC-in üzvü olan və olmayan ölkələrin nümayəndələrinin görüşü dekabrın 10-da keçirilə bilər
Bakı, 2 dekabr, AZƏRTAC
OPEC-in üzvü olan və bu kartelə daxil olmayan neft hasil edən ölkələrin nümayəndələrinin görüşünün vaxtı dəyişdirilərək, dekabrın 10-da Moskvada keçirilə bilər.
“Bloomberg” agentliyinin vəziyyətlə tanış olan mənbəyə istinadla yaydığı xəbərdə deyilir: “Rusiya və OPEC kartelə daxil olmayan ölkələrlə danışıqların tarixinin və yerinin dəyişdirilməsini müzakirə edirlər. Mümkün variantlardan biri görüşü dekabrın 9-da Dohada deyil, dekabrın 10-da Moskvada keçirməkdir”.
OPEC-in noyabrın 30-da Vyanada keçirilən iclası neft hasilatının azaldılması üzrə çoxdan gözlənilən sazişin imzalanması ilə başa çatıb. OPEC ölkələrinin razılaşmasına görə, kartel üzvləri gündəlik neft hasilatını gələn ilin yanvarından 1,2 milyon barrel azaldaraq, 32,5 milyon barrel səviyyəsinə çatdıracaqlar. Saziş kartelə daxil olmayan ölkələrin gündəlik hasilatı 600 min barrel azaltmalarını nəzərdə tutur.
Daha əvvəl bildirilmişdi ki, bir sıra OPEC ölkələrinin və kartelə daxil olmayan ölkələrin nümayəndələri dekabrın 9-da Qətərin paytaxtı Dohada görüşüb kartelin üzvü olmayan ölkələrin neft hasilatının həcmini müzakirə edəcəklər.