OPEK VYANADA YERİNİ MÖHKƏMLƏNDİRİR
Vyana, 1 oktyabr (AZƏRTAC). Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) Vyanada yerləşən mənzil-qərargahı noyabrdan yeni binaya köçürüləcəkdir. Bu barədə saziş sentyabrın 30-da Avstriyanın xarici işlər naziri Mixael Şpindelegger və OPEK-in Baş katibi Abdalla Salem əl-Badri arasında imzalanmışdır.
Qeyd edək ki, iki il əvvəl OPEK rəhbərliyi Avstriya hökuməti qarşısında təşkilatın hazırkı mənzil-qərargahının kiçik olması, müasir tələblər və təhlükəsizlik standartlarına cavab verməməsi məsələlərini qaldırmışdı. Rəsmi Vyana xəbəri təsdiqləməsə də, həmin vaxt OPEK ölkələri yeni bina ilə təmin olunmayacaqları təqdirdə mənzil-qərargahın Avropada başqa bir şəhərə (Berlin və ya Praqa) köçürülməsini nəzərdən keçirirdilər. Lakin Avstriya tərəfi bu tələbə vaxtında reaksiya verərək, OPEK-i Vyananın mərkəzi „İçərişəhər“ rayonunda yeni bina ilə təmin etmişdir.
İmzalama mərasimindən sonra M.Şpindelegger bildirmişdir ki, yeni mənzil-qərargah beynəlxalq enerji dialoqu üçün Vyananın müzakirə məkanı kimi mövqeyini gücləndirəcəkdir. Hər il Vyanada təşkil olunan OPEK-Aİ energetika nazirlərinin toplantısı Vyananın beynəlxalq enerji şəbəkəsi üçün mühüm rol oynadığını göstərir.
Qeyd edək ki, yeni mənzil-qərargahın illik kirayə xərci (1,8 milyon avro) Avstriya hökuməti və Vyana şəhəri tərəfindən ödəniləcəkdir.
1960-cı ildə Bağdadda təsis edilən OPEK-in mənzil-qərargahı 1965-ci ilə qədər Cenevrədə, 1965-ci ildən bəri isə Vyanada yerləşir. OPEK-in mənzil-qərargahında 150 daimi əməkdaşın çalışması və quruma üzv ölkələrin energetika nazirlərinin ildə bir neçə dəfə Vyanada toplaşması Avstriya hökuməti tərəfindən iqtisadi amillə yanaşı, ölkə paytaxtının beynəlxalq nüfuzunu artıran amil kimi də yüksək dəyərləndirilir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana