SİYASƏT
ORDU İLƏ CƏMİYYƏT ARASINDA MÜNASİBƏTLƏRƏ HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 3-də Müdafiə Nazirliyi rəhbərliyinin təşəbbüsü ilə Təlim və Tədris Mərkəzində ordu ilə cəmiyyət arasında münasibətlərə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazirliyin tərbiyəvi işlər idarəsinin rəisi, polkovnik Vaqif Məmmədov tədbir barədə qonaqlara ətraflı məlumat vermişdir.
Dəyirmi masada iştirak edən Milli Məclisin deputatları və bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri tədbirin keçirilməsini müsbət qiymətləndirmiş, ordu ilə cəmiyyət arasında münasibətlə bağlı fikir və təkliflərini söyləmişlər.
Polkovnik Vaqif Məmmədov “dəyirmi masa”ya yekun vuraraq səsləndirilən fikirlərə öz münasibətini bildirmiş, irəli sürülən təkliflərin nəzərə alınacağını demişdir.
Sonra qonaqlar Təlim və Tədris Mərkəzində yataqxanaları gəzmiş, şəxsi heyətin məişət şəraiti ilə maraqlanmış, əsgər yeməkxanasına baş çəkmiş, zabit və əsgərlərin qida rasionu ilə tanış olmuşlar.
Qonaqlar “dəyirmi masa”nın təşkilindən razı qalmış, Təlim və Tədris Mərkəzində gördüklərindən xoş təəssüratla ayrılmışlar.
Tədbirdə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.