ELM VƏ TƏHSİL
Orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün buraxılış imtahanları keçirilir
Bakı, 17 iyun (AZƏRTAC). İyunun 17-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Xızı, Şamaxı, Qobustan, Mingəçevir, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, İsmayıllı, Ağsu, Şirvan, Hacıqabul, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən şəhər və rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.
TQDK yuxarıda adı çəkilən şəhər və rayonlarla yanaşı, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəblərində, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində, tədris ingilis və gürcü dillərində olan orta məktəblərdə, Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində, Respublika Olimpiya İdman Liseyində, Bakı Xoreoqrafiya Məktəbində, Penitensiar Xidmətin tərbiyə müəssisələrində də buraxılış imtahanları keçirir.
Tədris ingilis və gürcü dillərində olan orta məktəblərin buraxılış siniflərinin şagirdləri mərkəzləşdirilmiş qaydada yalnız riyaziyyat fənnindən imtahan verirlər və onlara test tapşırıqları müvafiq tədris dilində təqdim olunur. Həmin şagirdlər üçün imtahan müddəti 45 dəqiqədir.
IX sinif şagirdləri üçün imtahan saat 10.00-da başlanmış və saat 12.00-da başa çatmışdır. XI sinif şagirdləri üçün imtahan saat 15.00-da başlanacaqdır.
İmtahanlara nəzarətçi-müəllimlər nəzarət edirlər.
Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.
İmtahan 2 saat müddətində aparılır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.
Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.