İQTİSADİYYAT
Orxan Məmmədov: Rumıniya ilə biznes sahəsində əlaqələrin daha da genişləndirilməsi üçün işlər görülür
Bakı, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 9-da Bakıda Azərbaycan-Rumıniya biznes forumu keçirilib. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Rumıniyanın Kovasna Ticarət və Sənaye Palatası və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş biznes forumda hər iki ölkədən əsasən tekstil sahəsində fəaliyyət göstərən iş adamları, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Rumıniya ilə biznes sahəsində əlaqələrin daha da genişləndirilməsi üzərində iş aparıldığını deyib. KOBİA-nın yerli və xarici iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verən agentlik sədri İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin birgə layihələr həyata keçirmək istəyən Azərbaycan və Rumıniya iş adamlarına müvafiq qurumlarla əlaqələndirmə, yerli tərəfdaşların müəyyən edilməsi kimi istiqamətlərdə dəstək göstərə biləcəyini vurğulayıb.