OSTANKİNO QÜLLƏSİ HƏR AN UÇA BİLƏR
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, mütəxəssislərin qənaətincə, Ostankino televiziya qülləsi dağılmaq təhlükəsi qarşısındadır. Halbuki, bu nadir obyekt 2000-ci ildə baş vermiş yanğından sonra tezliklə turist ekskursiyaları üçün yenidən açılmalıdır.
Hələ keçən ilin payızında qüllədə faciəli hadisə baş vermişdir. Quraşdırıcı Nikolay Nerkin 9-cu mərtəbədə işləyərkən fəhlələr qüllənin dəmir-beton gövdəsini saxlayan polad kanatları domkratlarla dartıb gərirdilər. Gözlənilmədən kanatlardan biri üzülmüşdür. Ətrafa səpələnən metal qırıntıları, şayba və boltlar Nerkini xəlbirə döndərmişdir.
Bu bədbəxt hadisədən sonra texniki ekspertiza keçirmək qərara alınmışdır. Ekspertlər müəyyən etmişlər ki, kanatın bərkitmə sistemi dağılmışdır. Nəticədə “mil-kanat” bağında toplanmış potensial enerji sərbəstləşmiş və bir andaca kinetik enerjiyə çevrilmişdir ki, bu da polad burazdan olan kanatın qırılmasına gətirib çıxarmışdır.
Komissiyanın üzvləri - Moskva Energetika İnstitutunun alimləri ekspertizanın məhz necə aparıldığını “Moskovski komsomolets” qəzetinin müxbirinə anonimlik şərti ilə açıqlamışlar. “Biz şpilka deyilən milin hazırlandığı və parçalanmış metalın vəziyyətinin texniki ekspertizasını apardıq. Məlum oldu ki, onun möhkəmliyi sertifikat üzrə tələb edildiyindən xeyli aşağı imiş. Bu, yolverilməz haldır. Metal çox kövrək idi, görünür, termik emaldan keçirilməyib. Bundan başqa, metalın tərkibində çox sayda iri qeyri-metal əlavələr aşkara çıxarıldı. Metalda çatların əmələ gəlməsinə bu əlavələr güclü təkan verir. Kanat dartılıb gərilərkən mil 100 tondan artıq gərginliyə tab gətirməlidir. Ancaq o, 70 tonda qırıq-qırıq oldu”.
Onlar bildirmişlər ki, qırılmış milin ekspertizası zamanı hadisə yerində tapılmış daha bir mil yoxlanıldı. Onun da metalı tələblərə uyğun gəlmir. Odur ki, alimlər bütün detalları ekspertizadan keçirməyi tövsiyə etmişlər.