DÜNYA
Ötən əsrin 60-cı illərində ABŞ Okinavada bioloji silahların sınağını keçirmişdir
Tokio, 12 yanvar (AZƏRTAC). Kyodo News informasiya agentliyinin verdiyi məlumata əsasən, ABŞ silahlı qüvvələri ötən əsrin 60-cı illərinin əvvəllərində Yaponiyanın Okinava prefekturasının ərazisində bioloji silahların 12 sınağını keçirmişdir.
Düyüdə pirikulyarioz xəstəliyinin yaradıcısı olan göbələk sporunun səpilməsi sınaqları 1961-1962-ci illərdə Naqo və Şuri şəhərlərində aparılmışdır.
Okinava prefekturası 1945-1972-ci illər arasında ABŞ hökumətinin nəzarəti altında olmuşdur. Hazırda adada ABŞ silahlı qüvvələrinin Futemma bazası başda olmaqla bir neçə hərbi bazası yerləşir.
Yerli əhali ABŞ hərbçilərinin adanı tərk etməsini tələb edirlər. Okinava prefekturasının meri Hirokacu Nakaimanın Futemma hərbi bazasının prefekturadan çıxarılması barədə planı bəyəndiyi də bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio