İQTİSADİYYAT
Ötən il bir sıra ərzaq məhsullarının istehsalı və ya satışı qadağan olunmuşdur
Bakı, 21 yanvar (AZƏRTAC). Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) AZƏRTAC-a bildirmişlər ki, 2010-cu ildə ölkədə istehsal olunan və idxal yolu ilə gətirilən məhsullardan normativ sənədlərin tələblərinə cavab verməyən 96,4 min manatlıq qida əlavələrinin (yoxlanılan ümumi məhsulun 75,9 faizi), 24,5 min manatlıq meyvə şirələrinin (yoxlanılan ümumi məhsulun 37,8 faizi), min manatlıq duzun (yoxlanılan ümumi məhsulun 20,8 faizi), 2,3 min manatlıq dondurmanın (yoxlanılan ümumi məhsulun 15,3 faizi), 2 min manatlıq mineral suların (yoxlanılan ümumi məhsulun 6 faizi) və bir sıra digər ərzaq məhsullarının istehsalı və ya satışı qadağan olunmuşdur.
Hesabat dövründə məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi məqsədi ilə Gəncədə Avropa ölkələrinin aparıcı firmalarının müasir laboratoriya avadanlığı, o cümlədən qaz xromotoqrafiyası üsulu ilə işləyən, habelə ekspress-analiz avadanlıqları ilə təchiz olunmuş və beynəlxalq standartların tələbləri ilə nəzərdə tutulan toksiki elementlərin, mikroorqanizmlərin, əlavələrin, radioaktiv elementlərin təyin olunmasına imkan verən yeni müasir sınaq laboratoriyası istifadəyə verilmişdir.
Bundan əlavə, komitənin Bakı şəhərində yerləşən yeyinti, kənd təsərrüfatı məhsullarının mərkəzi sınaq laboratoriyasında genetik modifikasiya məhsullarının sınaqlarının aparılması üzrə müasir avadanlıqlar qurulmuşdur.