REGİONLAR
Ötən il cənublu fermerlərə lizinq yolu ilə 382 ədəd texnika verilib
Cəlilabad, 10 mart, Bağır Əliyev, AZƏRTAC
2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi aqrar sektorun inkişafında önəmli rol oynayıb.
AZƏRTAC xəbər verir ki, təkcə ölkənin cənub bölgəsində məhsul istehsalçılarına lizinq yolu ilə verilən texnikalara və mineral gübrələrə 1 milyon 718 min manat məbləğində güzəşt tətbiq edilib.
Mütəxəssislər hesab edirlər ki, lizinq yolu ilə ölkəyə gətirilən kənd təsərrüfatı texnikalarının və alətlərinin fermerlərə verilməsi onların işinin keyfiyyətinə və məhsuldarlığa yüksək təsir göstərib.
Ötən il «Aqrolizinq» ASC tərəfindən lizinqlə verilən kənd təsərrüfatı texnikalarının ilkin dəyərinə 40 faiz güzəşt tətbiq olunub. Bu isə lizinq yolu ilə texnikaya sahib olan cənublu fermerlərin ürəyincə olub.
Ölkəmizin cənub bölgəsi üzrə 220 məhsul istehsalçısına 382 ədəd müxtəlif kənd təsərrüfatı texnikası verilib.
Kənd Təsərrüfatı Nazirliyinin Cəlilabad Regional Nümayəndəliyinin Biləsuvar rayon bölməsinin rəhbəri İman Mehrəliyev AZƏRTAC-a bildirib ki, məhsul istehsalçıları və fermerlər əvvəllər biçin ərəfəsində texnika sarıdan çətinliklə üzləşsələr də, artıq bu problem aradan qaldırılıb.
İ.Mehrəliyev qeyd edib ki, yeni mövsüm üçün mineral gübrələrə güzəştlər tətbiq edilməklə yanaşı, onların miqdarı da artırılaraq 810 tona çatdırılıb. Bu, ötən illə müqayisədə 136 ton çoxdur.