İQTİSADİYYAT
Ötən il Dövlət Taxıl Fonduna tədarük olunan taxılın həcmi 500 min tonadək artırılmışdır
Bakı, 15 yanvar (AZƏRTAC). Əlverişsiz iqlim şəraiti və təbii fəlakətlərlə bağlı dənli bitkilərin istehsalının azalmasına baxmayaraq, intensiv metodların tətbiqinin stimullaşdırılması və kompleks dövlət dəstəyi tədbirləri nəticəsində 2010-cu ildə kənd təsərrüfatının digər sahələrində artım davam etmişdir.
İqtisadi inkişaf naziri Şahin Mustafayev Nazirlər Kabinetinin iclasında bildirmişdir ki, ölkəmiz bir sıra əsas ərzaq məhsulları ilə özünü təmin etmiş, buğdanın qiymət artımının mənfi təsirinin azaldılması məqsədi ilə Dövlət Taxıl Fonduna tədarük olunan taxılın həcmi 500 min tonadək artırılmış, idxal olunan buğda və un əlavə dəyər vergisindən azad edilmişdir. Əvvəlki illərdə olduğu kimi, aqrar sektora subsidiyaların, vergi güzəştlərinin və güzəştli kreditlərin verilməsi davam etdirilmiş, aqrolizinq və aqroservis xidmətlərinin şərtləri asanlaşdırılmışdır.