DÜNYA
Ötən il dünyada edamların sayı 37 faiz azalıb
Bakı, 11 aprel, AZƏRTAC
2016-cı ildə edam cəzasının icrası hallarının sayı demək olar ki, 1/3 dəfə azalıb. Çin bu göstəriciyə görə digər bütün dünya ölkələrində icra olunan ölüm hökmlərinin ümumi sayını üstələyir.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, 2016-cı ildə dünyada 1032 edam cəzası tətbiq olunub. Bu, 2015-ci ilə nisbətən 37 faiz azdır.
Hüquq müdafiəçiləri qeyd edirlər ki, məhkəmə sistemində şəffaflıq olmadığı üçün Çində edam edilən məhkumların dəqiq sayı bilinmir. Bu səbəbdən Çin siyahıya daxil edilməyib. Çindən başqa ölüm hökmlərinin ən çox icra olunduğu beş ölkənin sırasına İran, Səudiyyə Ərəbistanı, İraq və Pakistan daxildir. ABŞ 2006-cı ildən bəri ilk dəfədir ki, beşliyə düşməyib.
Edam cəzalarının sayının aşağı düşməsi ilk növbədə İranda və Pakistanda icra edilən ölüm hökmlərinin müvafiq olaraq 42 faiz və 73 faiz azalması ilə bağlıdır.