İQTİSADİYYAT
Ötən il Neft Fondu Bakı-Tbilisi-Qars layihəsinə 61,5 milyon manat ayırıb
Bakı, 30 iyun, AZƏRTAC
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2015-ci il büdcəsindən 51,5 milyon ABŞ dolları və ya 61,5 milyon manat vəsait yönəldilib.
AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-in 2015-ci ildəki fəaliyyəti və maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik hesabatında məlumat verilir.
Hesabatda bildirilir ki, ümumilikdə 2007-2015-ci illərdə bu layihənin maliyyələşdirilməsinə ARDNF tərəfindən 588,1 milyon ABŞ dolları (485,7 milyon manat) həcmində vəsait ayrılıb.
Əsas məqsədi Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrini birləşdirmək, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək Avropa və Asiyaya çıxarılmasını təmin etmək olan layihə çərçivəsində Türkiyənin ərazisində 76 kilometr və Gürcüstanın ərazisində 26 kilometr uzunluğunda olan Qars-Axalkalaki dəmir yolu xəttinin tikintisi və Gürcüstan ərazisində 160 kilometr uzunluğunda Axalkalaki-Marabda yolunun reabilitasiya-rekonstruksiyası işlərinin həyata keçirilməsi nəzərdə tutulur.