İQTİSADİYYAT
Ötən il Prezidentin Ehtiyat Fondundan və dövlət büdcəsinin Ehtiyat Fondundan müxtəlif məqsədlər üçün 1,1 milyard manat vəsait ayrılmışdır
Bakı, 24 may (AZƏRTAC). Ötən il Azərbaycan Prezidentinin Ehtiyat Fondundan və dövlət büdcəsinin Ehtiyat Fondundan müxtəlif məqsədlər üçün 1,1 milyard manat vəsait ayrılmışdır.
AZƏRTAC xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov məlumat vermişdir. Nazir bildirmişdir ki, 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan həlli vacib hesab edilən bir sıra sosial və infrastruktur layihələrini həyata keçirilməsi, şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kəndlərarası yolların tikintisi və digər vacib tədbirlərin maliyyələşdirilməsi üçün 300 milyon manat ayrılmışdır.
Ötən il dövlət büdcəsinin Ehtiyat Fondundan 838 milyon manat ayrıldığını qeyd edən nazir məlumat vermişdir ki, bu vəsaitlərin bir hissəsi ölkənin şimal-qərb bölgəsində - Zaqatala, Şəki, Balakən və Qax rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına yönəldilmişdir. Zəlzələ nəticəsində rayonların iqtisadiyyatına və infrastrukturuna böyük ziyan dəymişdir və bu ziyanın aradan qaldırılması üçün 2012-ci ilin dövlət büdcəsinin Ehtiyat Fondundan 120 milyon vəsait ayrılmışdır.
Bundan başqa, şəhər və rayonlarda uşaq bağçalarının və məktəblərin tikintisinə və cari təmirinə 158,9 milyon manat vəsait yönəldilmişdir.