İQTİSADİYYAT
Ötən il sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 18 faiz artmışdır
Bakı, 22 yanvar (AZƏRTAC). Ötən il Azərbaycan sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 33,7 milyard manat təşkil edərək əvvəlki illə müqayisədə 1,8 faiz artmışdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, mədənçıxarma, emal sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin hamısında 2012-ci illə müqayisədə istehsalın artımı qeydə alınmışdır.
İstehsalın dörddə üç hissəsi mədənçıxarma, 20,1 faizi emal, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir.
Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin səviyyəsini 4,8 faiz, neft-qaz sektorunda isə 1,1 faiz üstələmişdir. İl ərzində 43,1 milyon ton neft, 17,9 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilmişdir. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, poliqrafiya, kimya, əczaçılıq, tikinti materiallarının, metallurgiya, elektrik və maşın avadanlığının, avtomobil və qoşquların, nəqliyyat vasitələrinin istehsalında daha çox artım əldə edilmişdir.