REGİONLAR
Ötən il Tərtər şəhərində geniş tikinti-quruculuq işləri aparılıb
Tərtər, 30 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər Rayon İcra Hakimiyyətinin Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, məruzə və çıxışlarda ötən il Tərtər şəhərində tikinti-abadlıq, quruculuq işlərinin davam etdirildiyi diqqətə çatdırıb.
Bildirilib ki, hesabat ilində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli binanın, qaz istismarı sahəsinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının binalarının tikintisi başa çatıb, Olimpiya İdman Kompleksinin, 100 yerlik uşaq bağçası-körpələr evinin, şahmat məktəbinin tikintisinə başlanılıb. Heydər Əliyev prospektində 4 kilometr, M.Əsədov küçəsində 0,8 kilometr yola asfalt örtüyü salınıb, şəhərin mərkəzi meydanı yenidən qurulub, prospektdə və şəhərin digər məhəllələrində 3 kilometr su xətləri yenilənib. Heydər Əliyev adına parkda uşaqlar üçün əyləncə mərkəzi yaradılıb. Rayon icra hakimiyyətinin inzibati binasında əsaslı təmir işləri aparılıb, Heydər Əliyev prospektində, V.Hüseynov, Nizami küçələrindəki binaların dam örtükləri müasir mansard üslubunda yenidən qurulub.
Nizami, V.Hüseynov, Ə.Paşayev və E.Səfərov küçələrində yaşayış binalarının yerləşdiyi ərazilərdə abadlıq işləri aparılaraq “Nümunəvi məhəllə”, 1,7 hektar sərbəst ərazi, mini futbol meydançası, sakinlərin istirahəti üçün park yaradılıb, səkilər və meydançalar salınıb. S.Vurğun və R.Kərimov küçələrində əhalinin içməli suya olan tələbatını yaxşılaşdırmaq üçün 1 ədəd subartezian quyusu qazılıb, 107 abonentə su xətti çəkilib.
Yığıncaqda çıxış edənlər görülən işləri yüksək qiymətləndirməklə yanaşı, cari ildə qarşıda duran vəzifələrdən də danışıblar.