İQTİSADİYYAT
Ötən il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,6 milyard manatdan çox vəsait daxil olmuşdur
Bakı, 15 yanvar (AZƏRTAC). 2013-cü ilin yanvar-dekabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6 milyard 663 milyon 633,4 min manat vəsait daxil olmuşdur. Bu da 2012-ci ildəkindən 638 milyon 128,8 min manat və ya 10,6 faiz çoxdur.
Daxilolmaların ümumi məbləğinin 35,6 faizi mənfəət vergisinin, 25,9 faizi əlavə dəyər vergisinin, 12,9 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,7 faizi aksizlərin, 17,9 faizi isə digər vergilərin payına düşür.
Nazirliyin analitik-informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, qeyri-neft sektoru üzrə büdcəyə 3 milyard 761 milyon 560 min manat vəsait daxil olmuşdur. Bu isə əvvəlki ildəkindən 474 milyon 912,2 min manat və ya 14,4 faiz çox olmuşdur.
Yanvar-dekabr aylarında respublika üzrə 72 min 984 vergi ödəyicisi, o cümlədən elektron qaydada 30 min 791 (42,2 faiz) vergi ödəyicisi qeydiyyata alınmışdır. 2014-cü il yanvarın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 537 min 828 olmuş, 2013-cü il ərzində onların sayı 11,6 faiz artmışdır. Hesabat dövründə respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,3 faiz təşkil etmişdir.