ELM VƏ TƏHSİL
Ötən il Yevlaxda təhsil sahəsində böyük uğurlar əldə olunmuşdur
Yevlax, 22 yanvar (AZƏRTAC). Yevlax rayon təhsil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, keçən il orta ümumtəhsil məktəblərini 1191 şagird bitirmiş, onlardan 321 nəfəri ali məktəblərə daxil olmuşdur. Bu, son 10 ildə Yevlax rayonu üçün ən yüksək göstəricidir.
Tələbə adını qazanan gənclərdən 22 nəfəri 500-600 arası, 7 nəfəri isə 600-dən çox bal toplamışdır.
Ötən il bir müəllim “Əməkdar müəllim” adına, bir müəllim isə “Tərəqqi” medalına layiq görülmüşdür.
2013-cü ildə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də işlər davam etdirilmişdir. Balçılı kənd tam orta və Aran qəsəbə 3 nömrəli ümumi orta məktəblərinin hər biri üçün 180 yerlik, İsmayılabad kənd ibtidai məktəbi üçün 80 yerlik yeni məktəb binaları tikilmiş, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 396 yerlik Kövər kənd tam orta məktəbin binası əsaslı təmir edilmişdir. Hazırda Yevlax şəhər 10 nömrəli tam orta məktəbi üçün 240 yerlik, Əcəmi, Yuxarı Bucaq kənd ümumi orta məktəbləri üçün 180 yerlik yeni məktəb binalarının tikintisində tamamlanma işləri aparılır, 1176 şagird yerlik şəhər 3 nömrəli tam orta məktəbində əsaslı təmir işləri davam etdirilir.