İQTİSADİYYAT
Ötən ilin əmtəə ixracı və idxalı açıqlanıb
Bakı, 17 mart, AZƏRTAC
Ötən il əmtəə ixracı 21,7 milyard dollar (1,7 dəfə artım) təşkil edib. Dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin bahalaşması (64 faiz) səbəbindən neft-qaz sektoru üzrə ixracın həcmi 1,8 dəfə artaraq 19,1 milyard dollar olub.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, ixrac olunmuş neft məhsullarının (13,5 milyard dollar) 12,7 milyard dolları xam neftin, 0,8 milyard dolları isə neft emalı məhsullarının payına düşür. 2021-ci il üzrə qeyri-neft ixracı 43,8 faiz artaraq 2,6 milyard dollar təşkil edib.
2021-ci il üzrə əmtəə idxalı 3,4 faiz artaraq 10,4 milyard dollar, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 5 milyard dollar olub, bunun da 1,7 milyard dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft sektoru üzrə idxal 7,2 faiz artaraq 8,8 milyard dollar təşkil edib. Qeyri-neft idxalının strukturunda minik avtomobillərinin (2,7 dəfə), portativ hesablama maşınlarının (64,6 faiz), yük avtomobillərinin (59,4 faiz), şəkərin (42,6 faiz), əczaçılıq məhsullarının (40,1 faiz), ətir və kosmetik vasitələrinin (36 faiz), alkoqollu və alkoqolsuz içkilərinin (27,2 faiz), ağac məmulatlarının (25,5 faiz), mebel məhsullarının (23,7 faiz), daş və şüşə məmulatlarının (22,1 faiz), palma yağının (12,8 faiz), tərəvəz məhsullarının (10,5 faiz), kağız məmulatlarının (8,6 faiz), dənli bitkilərin (7,8 faiz), metalların (6,5 faiz) və tütün məhsullarının (6,3 faiz) idxalı artıb, uçuş aparatlarının (9,9 dəfə), dəmiryol nəqliyyat vasitələrinin (38,6 faiz), rabitə qurğularının (14,1 faiz), kərə yağının (3,5 faiz), gəmilər, qayıqlar və üzən konstruksiyaların (3,3 faiz), sabun və yuyucu vasitələrin (2,9 faiz) idxalı isə azalıb. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 8 faiz təşkil edərək 0,8 milyard dollar olub.