REGİONLAR
Ötən ilin yekunları müzakirə edilmişdir
Naxçıvan, 5 fevral (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Kənd Təsərrüfatı Nazirliyində 2010-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir. MR kənd təsərrüfatı naziri Məmməd Abbasov demişdir ki, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası istiqamətində 2010-cu ildə nazirlik tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Hesabat dövründə kənd təsərrüfatı işlərinin həyata keçirilməsində istifadə olunan 809 müxtəlif markalı traktor, 237 kotan, 35 toxumsəpən, 119 müxtəlif markalı otbiçən kombayn və aqreqat, 144 ot və küləşpresləyən, 305 traktor yedəyi və digər kənd təsərrüfatı aqreqatları təmir olunaraq istifadəyə verilmişdir.
2010-cu ilin məhsulu üçün 33 min 954 hektar sahədə payızlıq və yazlıq taxıl əkilmişdir ki, bunun da 25 min 276 hektarı buğda, 8.678 hektarı arpa olmuşdur. Ötən ilin yazında 1.691,2 hektar şəkər çuğunduru, 6.006 hektar tərəvəz, 2.819 hektar bostan, 2.740,5 hektar kartof, 368,4 hektar birillik ot, 3.738,3 hektar cari ilin çoxillik otu, 241 hektar dən üçün günəbaxan əkilmişdir. Ümumiyyətlə, hesabat dövründə 26 min 293,6 hektar sahədə yazlıq bitkilər əkini keçirilmişdir. Bu, 2009-cu ildəkindən 249 hektar artıq olmuşdur.
Həyata keçirilən tədbirlər hesabına dənli və dənli-paxlalıların (qarğıdalısız) istehsalı 102 min 161 ton, kartof istehsalı 37 min 901 ton, tərəvəz istehsalı 64 min 782,3 ton, bostan məhsulları istehsalı 40 min 23,7 ton, meyvə istehsalı 38 min 228,4 ton, üzüm istehsalı isə 13 min 912,3 tona olmuşdur.
Ötən il 7 min 677 nəfər torpaq mülkiyyətçisinə 4 min 33 ton və ya 1 milyon 554 min manatlıq mineral gübrə, əkinlər üçün yanacaq, sürtgü yağlarına görə, hər hektara 40 manat olmaqla, 3 milyon 190 min 343 manat yardım verilmişdir.
Heyvandarlığın inkişafı da diqqət mərkəzində saxlanılmış, 2011-ci il yanvarın 1-nə mal-qaranın sayı 101 min 160 başa, qoyun və keçilərin sayı isə 603 min 18 başa çatdırılmışdır. Ötən il Bakıda keçirilən “Caspian Agro-2010” kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və qablaşdırılması beynəlxalq sərgisində MR-də istehsal olunan kənd təsərrüfatı məhsulları da nümayiş etdirilmişdir.
Sonra məruzə ətrafında çıxışlar dinlənimişdir.