CƏMİYYƏT
Ötən sutka FHN-in qüvvələri tərəfindən biri azyaşlı olmaqla iki nəfər xilas edilib
Bakı, 19 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 halda yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib.
Ötən sutka FHN-in qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 2 nəfər xilas edilib. Zərdab rayonunda baş verən yanğın zamanı 1 nəfər xəsarət alıb. Həmçinin 1993-cü il təvəllüdlü Əhmədova Pərvanə Kərim qızının və 2013-cü il təvəllüdlü Əhmədli Gülayə Pərvin qızının yanmış meyitləri aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, Yasamal rayonunda bağlı qapı arxasında aşkarlanan 1940-cı il təvəllüdlü Mahmudova Qızbikə Mahmud qızının meyiti aidiyyəti üzrə təhvil verilib.
Nazirlik üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.