ELM VƏ TƏHSİL
Ötən tədris ilinin yekunları Ağcabədinin təhsil işçiləri üçün uğurlu olmuşdur
Ağcabədi, 6 sentyabr (AZƏRTAC). Ağcabədi rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Konfransda 2012-2013-cü tədris ilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə dinlənilmişdir
Bildirilmişdir ki, ötən dərs ilində rayonda 62 ümumtəhsil məktəbi, o cümlədən 50 tam orta, 11 ümumi orta, 1 ibtidai məktəb, 5 məktəbdənkənar tədris müəssisəsi fəaliyyət göstərmişdir. Məktəblərdə 19061 şagird təhsil almışdır. Məktəbdənkənar müəssisələrdə uşaqların asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onların bilik, bacarıq və vərdişlərə yiyələnmələri, xüsusi istedad və qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətlərində tədbirlər həyata keçirilmişdir. Hazırda rayonun ümumtəhsil məktəblərində 2684 pedaqoji işçi çalışır.
Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da təhsilin inkişafı, xüsusilə onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər həyata keçirilmişdir. Ötən tədris ilində rayonda 3720 şagird yerlik 12 yeni məktəb binası tikilərək istifadəyə verilmiş, şəhər 5 nömrəli tam orta məktəbi əsaslı təmir olunmuşdur. Yeni tikilən və əsaslı təmir olunan məktəblərin hamısı müasir avadanlıqla təchiz edilmişdir.
Hazırda Yeni Qaradolaq kənd tam orta məktəbi üçün 360 şagird yerlik yeni məktəb binasının tikintisi davam etdirilir, Avşar kənd 3 nömrəli ümumi orta məktəb üçün tikilən 320 yerlik yeni məktəb binasında tamamla işləri aparılır, Xocavənd kənd 1 nömrəli və Kəbirli kənd tam orta məktəbləri əsaslı təmir olunur. Rayonun 22 ümumtəhsil məktəbi və rayon təhsil şöbəsi internet şəbəkəsinə qoşulmuşdur. Digər məktəblərin də internet şəbəkəsinə qoşulması davam etdirilir.
Cari ildə rayonun orta ümumtəhsil məktəblərini bitirən 1430 məzundan 517-si ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, onlardan 289-u tələbə adını qazanmışdır. Gənclərdən 34 nəfəri 500-600 arası, 11 nəfəri isə 600-dən çox bal toplamışdır.
Çıxış edənlər təhsilə göstərilən dövlət qayğısından, ötən dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrdən danışmışlar.
Tədbirdə Azərbaycan müəllimlərinin XIV qurultayına nümayəndələr seçilmişdir.
Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.