REGİONLAR
Ötən tədris ilinin yekunları Balakən rayonunun təhsil işçiləri üçün uğurlu olub
Balakən, 8 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Cəmiyyətin siyasi-iqtisadi, sosial və mədəni inkişafının müəyyən edilməsində, mənəvi dəyərlərinin formalaşmasında təhsil strateji əhəmiyyətə malik mühüm fəaliyyət sahəsi hesab olunur. Ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafı təhsilin gələcəyi üçün də əlverişli şərait yaradıb, Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.
AZƏRTAC xəbər verir ki, bu fikir Balakən rayon təhsil işçilərinin sentyabrın 8-də keçirilən ənənəvi konfransında səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə rayon Mədəniyyət Mərkəzinin foyesində məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Rayon təhsil şöbəsinin müdiri Vahid Əliyevin hesabat məruzəsində 2015-2016-cı tədris ilində görülən işlər ətraflı təhlil olunub, qazanılan uğurlar və qarşıda duran vəzifələrdən bəhs edilib.
Bildirilib ki, rayonun təhsil işçiləri ötən tədris ilində gənc nəslin təlim-tərbiyəsi, kamil şəxsiyyət kimi formalaşması sahəsində səylə çalışıb, uğurlu nəticələr əldə ediblər. Ötən tədris ilində rayonda fəaliyyət göstərən 48 ümumtəhsil məktəbində təhsilə cəlb edilən 11 min 807 şagirdin təlim-tərbiyəsi ilə 1687 müəllim məşğul olub. Müəllimlərin 81 faizi ali təhsillidir. Hazırda ümumtəhsil məktəblərinin 70 faizi 2005-2015-ci illərdə inşa edilən və ya əsaslı təmir olunan, müasir avadanlıqla təchiz edilən binalarda fəaliyyət göstərir. Şagirdlərin 75 faizi həmin məktəblərdə təhsil alır. Rayonun məktəblərində şagirdlərin istifadəsində 656 ədəd müasir tipli kompyuter var. Hər 17 şagirdə bir kompyuter düşür. 11 məktəbdə və rayon Təhsil Şöbəsində ümumilikdə 226 kompyuter sürətli internet şəbəkəsinə qoşulub.
Diqqətə çatdırılıb ki, ali məktəblərə builki qəbul imtahanlarında 354 nəfər məzun iştirak edib, onlardan 206 nəfər tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 20 nəfər 500-600 arasında, 11 nəfər isə 600 baldan yuxarı nəticə göstərib. Ötən tədris ilinin yekunlarına görə, 3 nəfər məzun Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görülüb. Təhsildə qazanılan yüksək uğurlara görə, ötən tədris ilində 1 müəllim “Tərəqqi” medalı, daha 1 müəllim isə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
Konfransda rayon icra hakimiyyətinin başçısı İslam Rzayev və Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev çıxış edərək, rayonun təhsil işçilərinə yeni dərs ilində uğurlar arzulayıb, tövsiyələrini bildiriblər.
Sonda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara və bir qrup qabaqcıl təhsil işçisinə mükafatlar təqdim olunub.