REGİONLAR
Otuz beş min nəfərdən çox Zərdab sakini kütləvi pulsuz tibbi müayinədən keçəcək
Zərdab, 21 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində, o cümlədən Zərdab rayonunda əhalinin növbəti kütləvi pulsuz tibbi müayinəsi ilə əlaqədar fevralın 15-dən başlanan aksiya müvəffəqiyyətlə davam edir.
Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində 35 min nəfərdən çox Zərdab sakininin tibbi müayinədən keçiriləcəyi gözlənilir.
Əhalinin müayinəsi rayon mərkəzi xəstəxanasında, Körpükənd və Məlikli kənd sahə xəstəxanalarında aparılır. Yaşayış məntəqələrinin sakinləri, idarə və təşkilatların kollektivləri tərtib olunan qrafik əsasında hər gün məntəqələrə gəlir, həkimlər tərəfindən müayinə olunurlar. Xüsusi səyyar briqada gəlmək imkanı olmayan ahıl insanlara evlərində xidmət göstərir.
Qeyd edək ki, aksiyaya başlanılandan bu günədək 2090 nəfər müayinədən keçib. Onlardan 150 nəfər ambulator, 4 nəfər stasionar müalicəyə cəlb edilib. Altı nəfər isə Bakı şəhərinə müvafiq xəstəxanalara göndərilib.