CƏMİYYƏT
Ov və mülki silahın saxlanması qaydalarını pozan şəxslər inzibati məsuliyyətə cəlb ediliblər
Bakı, 21 oktyabr, AZƏRTAC
Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə, ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması, ekoloji cinayətlərin və inzibati xətaların profilaktikası ilə bağlı Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən mütəmadi olaraq, məqsədyönlü tədbirlər həyata keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari ilin doqquz ayı ərzində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsinin (Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) tələblərini pozaraq, qeyri-qanuni ovla məşğul olduqlarına görə şəhər, rayon polis orqanları tərəfindən 69 nəfər barəsində inzibati tədbirlər görülüb.
Oktyabrın birinci yarısında ov qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Saatlı, Xızı, Biləsuvar, İmişli, Ağcabədi rayonları ərazisində keçirilən tədbirlər nəticəsində müvafiq icazə olmadan ov etdiklərinə, eləcə də mülki silahın daşınması və saxlanılması qaydalarını pozduqlarına görə 11 nəfər saxlanılıb. Onlardan beşində müxtəlif markalı qeydiyyatsız 11 ov silahı və qeyri-qanuni ovlanmış çöl quşları aşkar edilərək götürülüb.
Ov, eləcə də mülki silahın daşınması və saxlanılması qaydalarını pozmuş şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati məsuliyyətə cəlb ediliblər.
Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.