MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Azərbaycan gəncləri “Eurovision-2012”ni dəstəkləyirlər
İsmayıllı, 17 may (AZƏRTAC). “Step İn” gənclərin təşəbbüs qrupu tərəfindən “Eurovision-2012”yə dəstək məqsədilə mayın 14-dən 17-dək keçirilən “Step İn Marathon” layihəsi Azərbaycan gənclərinin yüksək fəallığı şəraitində keçmişdir. Layihə çərçivəsində reallaşan “Alovumuza dəstək ol!” ( Support our fire!) kampaniyası respublikanın nəzərdə tutulan 10 şəhərində - Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Şəki, Qəbələ, İsmayıllı və Şamaxıda uğurla başa çatmışdır. Mayın 18-də kampaniyaya paytaxt Bakıda yekun vurulacaqdır.
Mayın 17-də İsmayıllıda və Şamaxıda alovlandırılan məşəl ətrafına toplaşan yüzlərlə gənc də bütün Avropada diqqət və həyəcanla izləniləcək “Eurovision-2012” mahnı müsabiqəsinə sonsuz maraq və dəstək nümayiş etdirmişlər. Təkcə İsmayıllı və Şamaxıdan tədbirə 800 nəfər, ümumiyyətlə isə Bakı istisna olmaqla 10 şəhərdə 2300 nəfər gənc qatılmışdır.
Rayonların və şəhərlərin rəhbərləri, Milli Məclisin deputatları, eləcə də yaşlı nəslin nümayəndələri də gənclərlə həmrəylik nümayiş etdirmişlər.
Kampaniyalar zamanı gənclərin ifa etdikləri milli mahnı və rəqslər, habelə Avropa və dünya musiqisi iştirakçılarda sonsuz maraq yaratmışdır.