MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Kipr təmsilçisi müsabiqədə pərəstişkarlarından böyük dəstək gözləyir
Bakı, 17 may (AZƏRTAC). Mayın 17-də Kipr təmsilçisi İvi Adamou “Baku Crystal Hall”da ikinci məşqindən sonra növbəti mətbuat konfransını keçirmişdir.
AZƏRTAC xəbər verir ki, jurnalistlərə Azərbaycan paytaxtının çox gözəl şəhər olduğunu deyən müğənni “Baku Crystal Hall”un mohtəşəmliyini vurğulamışdır.
Mahnısının xüsusi olaraq bu yarışmada səslənməsi üçün yazıldığını deyən müğənni “Eurovision”un tarixində ən çox xoşuna gələn mahnının isə 2009-cu ildə keçirilən müsabiqədə İslandiya təmsilçisinin səsləndirdiyi “Is It True” mahnısı olduğunu demişdir.
İvi Adamou “Eurovision-2012” mahnı müsabiqəsində qələbə çalacağı halda bu uğuru dəniz kənarında qeyd edəcəyini demişdir.
Sonda Kipr təmsilçisi müsabiqədə pərəstişkarlarından böyük dəstək gözlədiyini vurğulamışdır.