MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır”
Anri Joxadze Səbinə Babayeva ilə duet oxumağı planlaşdırır
Bakı, 16 may (AZƏRTAC). Azərbaycan ilə Gürcüstan qardaş ölkələrdir. Mən özümü evimdəki kimi hiss edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan təmsilçisi Anri Joxadze mayın 16-da “Baku Crystal Hall”dakı ilk məşqindən sonra keçirdiyi mətbuat konfransında demişdir.
“Baku Crystal Hall” ilə əvvəlcədən də tanış olduğunu deyən Gürcüstan müğənnisi zalın tikintisi zamanı buraya gəldiyini bildirmişdir.
Azərbaycanın gənc bir dövlət olmasına baxmayaraq bütün Avropaya belə bir mötəbər yarışmaya ev sahibliyini sübut etdiyini bildirən Anri Joxadze ölkəmizlə qürur duyduğunu demişdir. O, mayın 26-sının Gürcüstanın Müstəqillik Günü olduğunu və bu bayrama xüsusi bir töhfə qatmaq arzusunu dilə gətirmişdir. Bildirilmişdir ki, ölkəmə ən böyük hədiyyəm “Eurovision-2012” yarışmasında qələbə qazanmaq olardı.
Anri Joxadze müsabiqədə favoriti olan Azərbaycanı bu müsabiqədə təmsil edəcək Səbinə Babayeva ilə duet oxumağı planlaşdırdığını bildirmişdir.
Gürcüstanlı təmsilçi Bakıda solo konsert vermək arzusunda olduğunu da dilə gətirmişdir.