MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
AzərTAc və baku3d.az saytı “Baku Crystal Hall”ın 3D formatında görüntülərini nümayiş etdirmişlər
Bakı, 18 may (AZƏRTAC). Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) və baku3d.az saytı “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall”ın 3D ponarama formatında görüntülərini nümayiş etdirmişlər. (http://crystalhall.baku3d.az/)
Görüntülərdən bir daha məlum olur ki, çoxfunksiyalı “Baku Crystal Hall” arenası 23 min nəfər qəbul etmək qabiliyyətindədir. “Eurovision-2012” mahnı müsabiqəsinin mayın 22, 24 və 26-da Bakıda keçiriləcək hər üç şousunu zaldan 16 minədək tamaşaçı izləyəcəkdir.
Azərbaycanda yeni fəaliyyətə başlayan www.baku3d.az saytı Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “GoMap” xəritəsinə inteqrasiya etmişdir.
Bundan sonra internet istifadəçiləri www.baku3d.az saytına daxil olmaqla “Google map” xəritəsi ilə yanaşı, milli resurs olan “GoMap” xəritəsi üzərində Azərbaycanda, o cümlədən paytaxt Bakıdakı park, muzey, məscid, tarixi abidə, restoran, otel, gözəllik salonları, avtosalon, xəstəxana, ticarət və əyləncə mərkəzlərini 3D formatında virtual turlarını izləyəcəklər.
Hazırda sayt rus dilində fəaliyyət göstərir, Yaxın vaxtlarda bu internet resursun Azərbaycan və ingilis dillərində versiyaları da fəaliyyətə başlayacaqdır.
www.baku3d.az saytının nadir xüsusiyyəti internet istifadəçilərinin “Google” xəritəsi üzərindən Bakının istənilən rayon və qəsəbəsində yerləşən obyektlərin “3D” formatında real mənzərəsini izləmək imkanı verməsidir.