MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
“Eurovision-2012”də ifa olunacaq 42 mahnının YouTube internet resursunda izlənmə sayı açıqlanmışdır
Bakı, 5 aprel (AZƏRTAC). Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində ifa olunacaq 42 mahnının videoklipinin bu günədək YouTube internet resursunda izlənmə reytinqi açıqlanmışdır.
AZƏRTAC eurovısıon.az saytına istinadla xəbər verir ki, bu sıralamada birinci yerdə Rusiyanın müsabiqə təmsilçisi “Buranovskie babuşki” qrupu gəlir. Rusiyalı nənələrin “Party for everybody” mahnısının video versiyasını 1.020.505 şəxs izləmişdir.
İkinci yerdə Kipr təmsilçisi İvi Adamou (397.999), üçüncü yerdə isə Böyük Britaniya təmsilçisi Engelbert Hamperdink (381.848) qərar tutmuşlar.
Azərbaycan bu sıralamada hələ ki, altıncı yerdədir. Təmsilçimiz Səbinə Babayevanın müsabiqədə ifa edəcəyi “When The Music Dies” mahnısının video versiyası bu günədək 217.763 dəfə izlənilmişdir.
Sıranın dördüncüsü Türkiyə, beşincisi Almaniya, yeddincisi Avstriya, səkkizincisi Xorvatiya, doqquzuncusu Albaniya, onuncusu isə Yunanıstandır.
“Baku Crystal Hall”da keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsinin favoritləri arasında olan Serbiya təmsilçisi Zeljko Yoksimoviçin mahnısının video versiyasına 98.170, İsveç təmsilçisi Lorinin 70.133, Fransa təmsilçisi Anqunun ifasına isə 65.062 dəfə baxılmışdır.
Hazırkı göstəriciyə görə bu sıralamada sonuncu yerdə İsveçrənin yarışmada təmsilçisi olan “Sinplus” qrupu dayanmışdır. Qrupun müsabiqə mahnısının klipi 34.602 dəfə izlənilmişdir.